ŞNES - Şəhərsalma Nəzarətinin Elektron Sistemi
Layihə haqqında
Şəhərsalma nəzarətinin elektron sistemi şəhərsalma infrastrukturu və tikinti fəaliyyəti sahəsində elektron nəzarətin aparılmasını, qanunsuz tikinti və söküntü işlərinin operativ şəkildə aşkarlanmasını və aidiyyəti qurumların məlumatlandırılmasını təmin etmək məqsədilə hazırlanmış veb portaldır.
Sistem Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının Azərbaycan nümayəndəliyinin birgə layihəsi çərçivəsində yaradılmışdır.
İnformativ və interaktiv imkanlara malik veb portalın yaradılması zamanı aşağıda qeyd olunan bəzi xüsusi sahələr üzrə müasir həllərdən istifadə edilmişdir:
- Coğrafi İnformasiya Sistemləri
- Məsafədən Zondlama
- Süni İntellekt
Layihə çərçivəsində fərqli peyk provayderlərindən əldə olunan peyk təsvirləri üzərində müvafiq sahə üzrə mütəxəssislərimiz tərəfindən təhlillər aparılmışdır. Təhlillər nəticəsində peyk təsvirlərinin Sistemdə istifadəsi ilə bağlı spesifikasiyalar müəyyən edilmişdir. Peyk təsvirlərində çəkiliş və ilkin emal prosesi ilə bağlı mövcud olan sürüşmə hallarının korreksiyası (geometrik eyniləşdirmə) və təsvirlərin normallaşdırılması üçün digər zəruri əməliyyatlar da yerinə yetirilmişdir.
Həmçinin mütəxəssislərimiz tərəfindən müxtəlif konstruksiyalı tikililər və fərqli yaşayış sıxlığına malik əraziləri əhatə edən çoxsaylı peyk təsvirləri üzərində böyük həcmli etiketlənmə işləri icra edilmişdir. Süni intellekt əsaslı modelin təlimi məqsədilə materialların hazırlanması istiqamətində aparılan bu işlər zamanı təsvirlər üzərində 150000-dən çox obyekt etiketlənmişdir.
Süni intellekt sahəsi üzrə mütəxəssislərimiz tərəfindən peyk təsvirləri üzərində tikinti və söküntü işlərinin müəyyən edilməsi prosesinin avtomatlaşdırılması məqsədilə maşın öyrənməsi modeli yaradılmışdır. Layihə üzrə işlərin icra müddətində modelin təlim materialları əsasında davamlı olaraq öyrədilməsi və təkmilləşdirilməsi yerinə yetirilmişdir.
Süni intellekt əsaslı model vasitəsilə tikinti və söküntü işlərinin müəyyən edilməsi prosesi təsvirlər üzərində obyektlərin seqmentasiyası, nizamlanması, vektorlaşdırılması və formalaşmış poliqonlar arasında fərqin hesablanması mərhələlərindən ibarətdir.
Sistemin funksional imkanları
- Süni intellekt əsaslı model vasitəsilə peyk təsvirlərinin avtomatlaşdırılmış təhlili nəticəsində tikinti və söküntü işlərinin müəyyən olunması
- Müəyyən olunan tikinti və söküntü işlərinin qanuniliyinin şəhər tikintisinə nəzarət edən dövlət orqanlarının informasiya sistemləri ilə inteqrasiya vasitəsilə yoxlanılması
- Aşkarlanmış qanunsuz tikinti və söküntü işləri ilə bağlı lazımi tədbirlərin görülməsi üçün aidiyyəti qurumların əməkdaşlarının məlumatlandırılması
Sistemin effektivliyi
- Şəhərsalma və tikinti fəaliyyəti sahəsində dövlət nəzarət mexanizmlərinin gücləndirilməsi
- Nəzarət məqsədi ilə səfərbər edilən insan resurlarının və sərf olunan zamanın azalması
Digər Layihələr